Səməd Səfərli “SOCAR Türkiyə” şirkətindəki peşəkar fəaliyyəti zamanı “A Practical Guide to Project Finance” (“Layihə maliyyələşməsi üzrə praktik bələdçi”) kitabı layihəsində Layihə Koordinatoru olaraq iştirak edib.
Bu nəşr “SOCAR Türkiyə”, beynəlxalq hüquq şirkətləri və Koç Universitetinin əməkdaşlığı, həmçinin təcrübəli maliyyəçi və hüquqşünasların birgə səyləri nəticəsində hazırlanmışdır. Kitabın baş müəllifi və redaktorları Elçin İbadov və Nabil Xodadaddır. Əsər regionun ən iri sənaye layihələrindən biri olan STAR neft emalı zavodunun maliyyələşməsi üzrə təcrübəyə əsaslanır və layihə maliyyələşməsinin hüquqi və maliyyə mexanizmlərini əhatə edən strateji vəsait kimi dəyərləndirilir.
İngilis dilində nəşr olunmuş “A Practical Guide to Project Finance” kitabı layihə maliyyələşməsinin tam həyat dövrünü əhatə edir: investisiya cəlbediciliyinin ilkin qiymətləndirilməsindən risklərin bölüşdürülməsinə, maliyyə modelləşdirməsindən hüquqi strukturlaşdırmaya qədər bütün mərhələlər nəzərdən keçirilir. STAR neft emalı zavodu və Özbəkistanda həyata keçirilən “Surgil/Uz-Kor” qaz–neft-kimya kompleksi kimi nümunələrlə zənginləşdirilən kitab uzunmüddətli, dayanıqlı və innovativ layihələrin qurulması üzrə dəyərli məsləhətlər verir.

